AZƏRBAYCANÇILIQ İDEYASININ KAMİL İDEOLOQU MÜHACİR PUBLİSIST HÜSEYN BAYKARA (1904-1984)

Sovet rejiminin uzun illər adını yasaq etdiyi, amma Azərbaycan mühacirət tarixinin şanlı səhifələrində qürurla anılan və ömrünün sonuna qədər Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış Hüseyn Baykara müstəqillik tariximizin xalqımıza yenidən bəxş etdiyi və tanıtdığı şəxsiyyətlərindəndir. Hüseyn Baykara Şuşada doğulub, əsil adı Qara, soyadı Hüseynbəyli olub. Məşhur Şirinbəyovlar nəslindən idi. AXC-nin qurucuları sırasında olmasa da, bolşeviklər əleyhinə mübarizə yolunu gənclik illərindən seçmişdi. Hətta 1923-cü ilin sonlarında milli ideyalarına görə həbs edilmiş və şair Əhməd Cavadla eyni kamerada məhbəs yoldaşı olmuşdur. Türkiyədə Hüseyn Baykara adı ilə yaşayır, Ankara Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Elağızda hakim işləyir. Bir müddət sonra İstanbula qayıdır və prokuror vəzifəsini tutur, sonra vəkilliklə məşğul olur. Azərbaycanın istiqlalı uğrunda mübarizəsini də davam etdirir. "Azəri-Türk", "Odlu Yurd" və b. qəzet-jurnallarda Azərbaycan mədəniyyəti, ədəbiyyatı, ziyalıları, Azərbaycan xalqının mübarizə tarixi haqqında elmi, publisistik məqalələrlə çıxış edir. Onun məqalələrində yanğı və nisgillə təqdim edilən qəsb edilmiş, yaralı bir Azərbaycan var. Baykaranın mühacirətdə çap olunmuş üç kitabı var: "Azərbaycanda yeniləşmə hərəkatı. XIX əsr" Ankarada 1966-cı ildə, "Azərbaycan istiqlal mübarizәsi tarixi" adlı kitabı İstanbulda 1975-ci ildə və üçünücü kitabı "İran inqilabı və azadlıq hərəkatları" 1978-ci ildə İstanbulda nəşr edilmişdir. Uzun illər Fransanın Azərbaycandakı səfirliyində çalışmış, fransız dilində çoxsaylı məktəb və universitet dərsliklərinin müəllifi olan Azelma Həsənova bu kitabları azərbaycan və rus dillərində nəşr etdirib ictimaiyyətə çatdırıb. Hüseyn Baykara Azərbaycan türkçülüyü ideyası və onun gerçək təcəssümü olan müstəqil Azərbaycan uğrunda ömrünün sonuna qədər mübarizə aparanlardan olmuşdur. 1984-cü il iyulun 1-də vəfat etmiş, İstanbulda Qaraca Əhməd məzarlığında dəfn edilmişdir.

___

  • Aлиева, C. (2018). Он всем сердцем верил, что Азербайджан восстановит свою независимость. Каспiй, 25 мая.- c.12.
  • Baykara, H. (2021). Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı: Jeko Print Çap Evi. Baykara, H.(2018). Azərbaycanda yeniləşmə hərəkatı. Bakı: Kitab Klubu MMC.
  • Baykara, H.(2017). İran inqilabı vә azadlıq hәrәkatları. Bakı: Kitab Klubu MMC.
  • Dəhşətli saat gəlir, birlik gərək (1918), Açıq söz, 5 yanvar
  • Əhməd, D. (2018). Bir ildən yüz ilə. Bakı: TEAS Press.
  • Ələkbərli, F. (2017). Mühacirət dövründə Azərbaycan milli ideyasi (1950-1990-ci illər). Elmi əsərlər, Scientific works, № 2(29).
  • Ələkbərli, F. (2017). Hüseyn Baykaranın dünyagörüşündə türkçülük və azərbaycançılıq. Türküstan, 7 dekabr.
  • Haçıbəyli, Ü. (1919). Tarixin ən vəhşi qırğınını. Azərbaycan, 5 mart.
  • Hacıyev,V.(2022). Hüseyn Baykara: görkəmli şəxsiyyətin tarixçilik fəaliyyəti haqqinda bəzi qeydlər. İpək yolu, №.4.
  • Həbibbəyli, İ.(2018). Milli istiqlal nәzәriyyәçisi.Hüseyn Baykara.İran inqilabı vә azadlıq hәrәkatları (müqәddimә). Bakı: Kitab Klubu MMC.
  • Köprülü, F.(1935). Abbasqulu ağa Bakıxanov. İstanbul: Burhanettin nəşri, № 8. Qədimoğlu, N.(2023). Hüseyn Baykara: azərbaycançılıq ideyasının kamil ideoloqu. Xalq qəzeti,23 dekabr.
  • Nəbiyev, B.(2015).Azərbaycan Xalq Cümhuriyyəti dövründə tarix və ədəbiyyat elminin öyrənilmə səviyyəsi. Baki Universitetinin xəbərləri. Humanitar elmlər seriyası. №3.
  • Yusifli,C.(2018).Azərbaycan istiqlal savaşının ideoloqu və "Azərbaycanda yeniləşmə hərəkatı" əsəri. Ədəbiyyat qəzeti, 31 oktyabr.