Azərbaycan ədəbiyyatında İstiqlal ideyasının formalaşmasında ədəbi məclislərin rolu

XIX əsrin əvvəlində Rusiyanın işğalçılıq siyastinə qarşı xalqın müqavimət və dirənişi ilə başlanmış intibah əsrin ikinci yarısından etibarən türk milli təfəkküründəki istiqlal ideyasının Avropa maarifçilik və tənqidi realizm baxışları ilə sintezi nəticəsində Azərbaycanda özünəməxsus, Şərqdə və Qərbdə analoqu olmayan, Azərbaycan “fərdiyyətçiliyini özündə ehtiva edən” islam-türk-Avropa məzmunlu  bir demokratik hərakat formalaşdırdı. Azərbaycan nə Şərqdəki radikal islam mahiyyətli müstəqillik hərəkatlarını, nə Qərbdəki millətçi və millətçi olduğu qədər ateist və Qərb kosmopolitizm ruhlu kommuna ideyalarına köklənmiş inqilabi çevirilişlər yolunu öz müstəqil dövlətçilik arzularına ideal seçməmişdi. Aərbaycan tam fərqli, onun fərdiliyini, özünəməxsusluğunu açıq şəkildə ifadə edən, aydınlarının, o cümlədən ədəbiyyatının, tarixinin, fəlsəfəsinin ruhundan gələn humanist, insani dəyərləri cəmiyyət həyatında aparıcı qüvvəyə çevirmək amacında olan bir dövlət uğrunda  əməli fəaliyyət meydanına gəlib çıxmışdı.  Mirzəbala Məmmədzadə “Azərbaycan milli xartiyası”  adlı məqaləsində həmin yolun yolçularının əvəzsiz xidmətlərini aşağıdakı kimi qeyd etmişdir:"Azərbaycan milli xartiyasının xülasəsi, istiqlal fikrinin təsisində Vaqifdən tutmuş Cavidə qədər, Zakirdən başlamış Cavada qədər, Mirzə Fətəlidən Üzeyirə kimi, "Əkinçi"dən "Azərbaycan”a və "Yeni Qafqaziya”ya"dək hər birinin olduqca böyük rolu və dəyəri olmuşdur. XIX əsrdə istiqlal ideyasının inkişafı, milli şüura hakim kəsilməsi və müstəqil dövlətçiliyə istiqamətlənməsi bir sıra ciddi hadisələrlə şərtlənmişdir. Onlardan biri Azərbaycan dilinin fars və ərəb dillərindən qabağa keçməsi: həm tədris prosesində, həm dərsliklərdə, həm bədii ədəbiyyatda, həm də yeni meydana çıxan mətbu nümunələrdə öz yerini tutması idi. Digər bir məqam isə, XIX əsrin ikinci onilliyindən başlayaraq formalaşan,ictimai şüur, milli özünüdərk prosesi üzərində öz ciddi təsirini qoyan və çarizmin apardığı ruslaşdırma, xristianlaşdırma siyasətinə qarşı bir müqavimət mərkəzi kimi təşəkkül tapan ədəbi məclislərin  fəaliyyət şəbəkəsinin getdikcə genişlənməsi, təkcə qələm əhlini deyil, elmə, maarifə həvəsi olan hər kəsi öz cərgəsində birləşdirərək ictimai fikrin flaqmanına çevrilməsi idi. Nədənsə XIX əsrdə istiqlal ideyasının formalaşması barədə yazan müəlliflərin çox az qismi həmin proseslərdə bu ədəbi məclislərin roluna toxunmuş, əksər halda isə, onları klassik əruzçuluq, ictimai həyatdan uzaq mühafizəkarlıq ocaqları kimi təqdim etmişlər. Əslində isə, XIX əsr istiqlal ideyası ya bu məclislərdə meydana çıxmış, ya da bu məclislərdə fəaliyyət göstərmiş insanların ədəbi-elmi, bədii-publisistik, ictimai-siyasi fəaliyyətindən nəşət tapmışdır.

___

  • 1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasi: 2 cilddə, I c., Bakı: Lider, 2004, 440 s.,s.792. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasi: 2 cilddə, I c., Bakı: Lider, 2004, 440 s.,s.803. ƏYİ, B-71,vər. 111 b.4. ƏYİ, B-71,vər. 122b.5. ƏYİ, Arx.33, Q-11 (255) 6.Əhmədov T.Ə. Mirzə Şəfi – 220. “Respublika” qəz., Bakı, 2014, 05 Mart7. Köçərli F.Q. Azərbaycan ədəbiyyatı tarixi materialları: II cild, II hissə. Bakı: Azərnəşr, 1926, 283 s.538.Qarayev N.S. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, “Nurlan”, 2010, s.10, 326 səh.9.Qarayev N.S. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, “Nurlan”, 2010, s.10, 326 səh.10.Mirzəbala Məmmədzadə. Azərbaycan milli xartiyas// "Azərbaycan" jurnalı, 1991, № 4, s.134 11. Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991, 112 s.,s 81-82.12. Salman Mümtaz. El şairləri. S.215-21613. Sidqi M.Ə. “Xatirələr”, ƏYİ, arx.25, Q-2 (56)14. Şərif Ə. Görkəmli şair və müəllimimiz//”Şərq qapısı”, 18 noyabr 1955-ci il