Bəxtiyar Vahabzadənin şeirlərində milli-mənəvi yaddaş

Bəxtiyar Vahabzadənin milli-mənəvi yaddaşı bütövlükdə Vətənə, yurda oğul olmaq, milli dəyərləri yaşatmaq, zorakılığa, müstəbidliyə qarşı üsyan etmək düşüncəsinə hesablanıb. Məlumdur ki, sovet rejiminin zorən tətbiqi ədəbiyyatımızda az öncə daha qabarıq şəkildə özünü büruzə verməyə başlayan milli ləyaqət, özünüdərk duyğusunun gəlişməsini əngəllədi, bu prosesi yarımçıq qoydu. Eyni zamanda, konkret olaraq xalqın milli oyanış əzminə güclü zərbə vurdu. Rejimin antimilli təbliğat kompaniyası, xalqı öz kökündən, milli kimliyindən, keçmişindən, tarixi statusundan məhrum etmək siyasəti Azərbaycan insanının dünya müstəvisində təklənməsinə gətirib çıxartdı. Öz genetik kodu və milli müəyyənliyi ilə bağlı düşüncələrinin bədii mətnə köçürülməsinin qadağalarını yaşaması, həmçinin, dünya məkanında gedən proseslərdən təcrid olunaraq qapalı məcrada fəaliyyət göstərməsi ona sosial statusunu fərqləndirmə və fərdiləşdirmə imkanı vermədi. B.Vahabzadə xalqımızın yüksək insani keyfiyyətlərini, əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm etdirən xalq yaradıcılığından ustalıqla bəhrələnən və bu bəhrələnməni istiqlal, müstəqillik savaşımızın tərənnümü istiqamətində böyük ustalıqla sərf etməyə nail olan qüdrətli sənətkardır. B.Vahabzadə bütün yaradıcılığı boyunca mənsub olduğu xalqı milli oyanışa, öz-özünü dərindən dərk etməyə, bu yöndə öz gücünü, qüdrətini, istedadını, intellektual potensialını hərəkətə gətirməyə səsləyib.

___

  • AYTMATOV, Ç., Bahtiyar Vahapzadənin şiiri üzerinə, “Yaradıbdır inam məni, mən inamın övladıyam", Türk Edebiyyatı Dərgisi, Ocak, 1984, S. 123, s.66.
  • QAFAROV, R., B.Vahabzadənin əsərlərinin VIII cildinə yazılmış ön söz, Bakı 2009.
  • M. MİRZƏ, Bəxtiyar Vahabzadə ilə müsahibə, Panorama qəzeti, 17 dekabr, 1997.
  • Türk dünyasının Bəxtiyarı, Təfəkkür nəşriyyatı, Bakı 2002.
  • VAHABZADƏ, B. Seçilmiş əsərləri. C.I, Öndər nəşriyyat, Bakı 2004.
  • VAHABZADƏ, B., Əsərləri, C.XII, (Yayınevi yok), Bakı 2009.
  • VAHABZADƏ, B., Əsərləri, C.VI, Elm nəşriyyatı, Bakı 2008.
  • VAHABZADƏ, B., Seçilmiş əsərləri, C.II, Azərnəşr, Bakı 1975.