Azerbaycan-Türk Dilinin Lügat Terkibinin Zenginleşmesinde Morfoloji ve Sentaktik Usulün Rolü

Söz yaradıcılığı prosesi dilimizdə əsas semantik kateqoriyalardan biridir. Dilin leksik sisteminin inkişafında müstəsna əhəmiyyətə malik, dilin spesifik xüsusiyyətlərini özündə əks etdirən, Azəzbaycan-Türk dilini zənginləşdirən bu proses həm də dilimizin möhtəşəmliyi, elastikliyi, çevikliyi və ifadəliliyini sübut edən amil¬lərdən biridir. Söz yaradıcılığının səciyyəvi xüsusiyyəti sözdə yeni bir mənanın yaradılmasıdır ki, bu proses eyni zamanda sözləri yeni şəraitə uyğun seçib işlətməyə imkan verir. Odur ki, söz yaradıcılığı prosesi dilin ən zəruri tədqiqat sahələrindən biri hesab edilir. Söz yaradıcılığınıninkişafı qədimdən mövcuddur və dilimizin lüğət tərkibinin zənginləşməsində mühüm rol oynayan bu proses iki istiqamətdə - morfoloji və sintaktik yolla özünü göstərir: Morfoloji yolla söz yaradıcılığı prosesi əsasən leksik şəkilçilərin vasitəsilə izlənilir. Azərbaycan dilinin milli səciyyəsini qoruyub, əsrlərin dərinliklərindən dövrümüzə qədər gətirib çıxaran dil vahidlərindən biri də məhz şəkilçilərdir. Xatırlatmaq lazımdır ki, Azərbaycan dilinin söz yaratmaq vasitələri, əsasən müxtəlif məqsədlərlə sözlərə əlavə edilən və onlara yeni-yeni mənalar aşılayan sözdüzəldici şəkilçilərdir. XIV-XVIəsr abidələrinin dili üzərində aparılan tədqiqatlar göstərir ki, bu abidələrin dilində yaranmış yeni sözlər ya bu şəkilçilər vasitəsilə, ya da sintaktik yolla düzəlmişdir. Sintaktik yolla söz yardıcılığı isə əsasən ad+ad, ad+feil, feil+feil zərf+feil modeli əsasında təzahür edir. Tədqiqatlar göstərir ki, Azərbaycan-türk ədəbi dilində söz yaradıcılığı prosesi tarixi kateqoriyadır. Orta əsrlər ədəbi nümunələrinin dili göstərir ki, XIV-XVI əsrlərdə artıq Azərbaycan dilinin normativ qrammatikası mövcud idi. Bununla əlaqədar olaraq, dilin ədəbi dil kimi sabitləşməsində norma ilə yanaşı, ədəbi ənənənin və janrların da böyük rolunu nəzərə almaq lazımdır. Əsasən poetik əsərlərdən ibarət olan XIV-XVI əsrlərin yazılı abidələrinin dilinin sonrakı dövrlərlə və müasir dillə müqayisəsində ümumi və fərqli cəhətləri tədqiq etmək bir qədər çətindir, çünki poetik dildə söz yaradıcılığı prosesi müasir dildə söz yaratma prosesindən çox fərqlənir. Məhz bu fərqləri ortaya çıxarmaq üçün də, dilin tarixi qrammatik quruluşunu əks etdirən XIV-XVI əsrlərə aid yazılı abidələrin dilində söz yaradıcılılğı prosesini izləmək olduqca zəruri bir məsələdir.

___

  • Akar, Ali (2005), Türk Dili Tarihi, Ankara: Ötüken Yay.
  • Azərbaycan Dilinin Qrammatikası (1961), I hissə, Bakü.
  • Bağırov, Q (1984), Azərbaycan Dilində Feillərin Leksik-Semantik İnkişafı, Bakü.
  • Banguoğlu, Tahsin (2015), Türkçenin Grameri, Ankara: Türk Dil Kurumu Yay.
  • Əl-Əndəlusi, Əşirəddin Əbu Həyyat (1992), Kitab əl-İdrak-li lisan əl ətrak, (Çev. Z.Bünyadov), Bakü. Gökyay, Orhan Şaik (2007), Dedem Korkut Kitabı, İstanbul: Kabalcı Yay.
  • Məmmədov, N (1971), Azərbaycan Dilçiliyinin Nəzəri Əsasları, Bakü.
  • Məmmədov, N; Axundov, A (1996), Dilçiliyə giriş, Bakü.
  • Mirzayev, H (1990), Azerbaycan Dilinin Tarixi Qrammatikası, Bakü.
  • Naskali, Emine G.; Duranlı, Muvaffak [hzl.] (1999) Altayca-Türkçe Sözlük, Ankara: Türk Dil Kurumu Yay.
  • Şiraliyev, M; Abdullayev, M (1986), Oğuz Qrupu Dillərinin Müqayisəli Qrammatikası, II hissə, (morfologiya). Bakü.